“Bugatti” avtomobilləri niyə bu qədər bahadır?

Dəbdəbə və performansa diqqət yetirən Bugatti, 1909-cu ildə italyan əsilli fransız sənayeçisi Ettore Bugatti tərəfindən təsis edilib.

İndex.az xəbər verir ki, “Type 35”, “Type 41 Royale”, “Veyron” və “Chiron” kimi modelləri ilə avtomobil tarixində iz qoyub.

Bəs niyə Bugatti markalı avtomobillər bu qədər bahadır?

1. Əl istehsalı
2.Fərdiləşdirmə
3.Material keyfiyyəti
4.Məhdud buraxılış

Əl istehsalı

Hər bir “Bugatti” avtomobili çox diqqətlə əl işi ilə istehsal edilir.

Təbii ki, bu istehsal prosesi adi avtomobillərlə müqayisədə çox vaxt aparır və gərgin əmək tələb edir. Məsələn, “Bugatti”nin əl istehsalı proseduruna görə həftə ərzində yalnız iki “Veyron” avtomobili istehsal oluna bilər.

Fərdiləşdirmə

“Bugatti” tərəfindən istehsal olunan hər bir avtomobil müştərinin istəyinə uyğun olaraq fərdiləşdirilə bilər.

Məsələn, avtomobili alacaq şəxs daxili dizaynı, istifadə etdiyi materialları və hətta bəzi texniki xüsusiyyətlərini seçə bilər. Bu, təbii ki, xərcləri xeyli artırır.

Material keyfiyyəti

“Bugatti”nin əl işi olan bu avtomobillərdə ucuz materiallardan istifadə etməyəcəyini hərhalda deməyə ehtiyac yoxdur.

İstehsalda istifadə olunan materiallar ümumiyyətlə karbon lifi, titan və əl istehsalı dəri üzlük kimi yüksək keyfiyyətli materiallardır.

Məhdud buraxılış

“Bugatti” hər modeldən məhdud sayda istehsal edir. Məsələn, cəmi 450 ədəd “Bugatti Veyron” və 500 ədəd “Chiron” istehsal edilib. Bu məhdud istehsal nəqliyyat vasitələrinin kolleksiya dəyərinin yüksək olmasını təmin edir və təbii ki, bu, qiymətdə də özünü göstərir.

“Bugatti”nin bazarda qəbulu da onun qiymətini artıran amillərdəndir. Təbii ki, avtomobil dünyasında tarixi boyu prestij, sürət və dəbdəbənin simvolu olan bir markanın istehsal etdiyi avtomobillər inanılmaz qiymətlərə satılır.

Digər tərəfdən, “Bugatti” modellərinin arxasındakı nəhəng mühəndisliyi unutmaq olmaz.

Yüksək səviyyədə performans təqdim etməli olan bu vasitələrin istehsalında qabaqcıl aerodinamik dizayn və güclü mühərriklər kimi bir çox mövzuda ətraflı araşdırmalar aparılır. Bunlar qiymət artımına səbəb olan amillərdəndir.