Rusiya əsilli amerikalı kurort işçisi Kseniya Karelina Rusiya məhkəməsi tərəfindən 12 il müddətinə azadlıqdan məhrum edilib. Karelina dövlətə xəyanətdə təqsirli bilinib.
İndex.az xəbər verir ki, Rusiyanın Ural vilayətinin Yekaterinburq şəhərində keçirilən qapalı məhkəmə iclasında Kseniya Karelina günahını etiraf edib və 12 il müddətinə azadlıqdan məhrum edilib.
Bildirilib ki, Karelina Ukraynada uşaq və qocalara humanitar yardım göstərən Nyu-Yorkda yerləşən Razom for Ukraine xeyriyyə təşkilatına 51,80 dollar bağışlayıb. Xeyriyyə təşkilatı Kiyevə hərbi dəstək verdiyini inkar edir.
Məhkəmə bəyan edib ki, Karelina 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya hücumu başlayanda Ukrayna ordusunun tibbi ləvazimat, avadanlıq və sursat almaq üçün istifadə etdiyi təşkilata vəsait köçürüb.
Kseniya Karelina Rusiyada anadan olub və 2012-ci ildə ABŞ-a mühacirət edib, 2021-ci ildə Amerika vətəndaşlığını alıb. 33 yaşlı qadın bu ilin əvvəlində ailəsini ziyarət etmək üçün Yekaterinburqa qayıdıb və daha sonra Rusiya kəşfiyyat xidməti FSB tərəfindən saxlanılıb.