Cavid Qurbanovun biznesinin izi Avropayadək uzanır

img






"Cavid Qurbanov artıq nəhəng rəqəmsallaşma layihələrində də söz sahibidir”.

 

Bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz “Facebook” hesabında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla bağlı statusunda yazıb.

 

O, prezident İlham Əliyevin noyabrın 19-da Bakı Dəmir Yolu Vağzalında dəmiryolçularla görüşü zamanı dediyi "Cavid Qurbanovu mən bu vəzifəyə təyin edəndən sonra böyük irəliləyiş var” sözlərinə də toxunub.

 

Ekspertin statusunu olduğu kimi təqdim edirik:  "Ötən gün prezident "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovu tərifləyib. Adətən prezident birbaşa tərifə nadir hallarda üstünlük verir. Əslində, diqqətlə baxdıqda görmək olar ki, həqiqətən də Cavid müəllim son illər xeyli aktivləşib.

 

Doğrudur, Balakən - Bakı Dəmir Yolu xəttinin keyfiyyəti ilə bağlı Cavid müəllimdən xeyli narazı olsam da, görünən odur ki, Azərbaycanın beynəlxalq nəqliyyat infrastrukturuna inteqrasiyasında və regionun nəqliyyat mərkəzinə çevrilməsində o xeyli enerji sərf edir. Nəqliyyat və logistika ilə bağlı bütün beynəlxalq tədbirlərdə başdadır.

 

Əslində bu statusu yazmağıma səbəb dünənki fotoda arxa planda onun da görsənməsi oldu. Belə ki, son dövrlərdə görsənir ki, hörmətli Cavid müəllim bizim sektora da "əl qoyub".

 

Ötən gün Xəzərin dibi ilə Trans-Xəzər fiber-optik magistral xəttin çəkilişinin başlaması ilə bağlı Qazaxstanın Aktau şəhərində təşkil olunan mərasimdən çəkilən şəklə diqqət etsək arxa planda (sağdan ikinci) Cavid Qurbanovu da görə bilərik”.

 

Gündüz əlavə edib ki, Qurbanov cari ilin əvvəli Azərbaycanın və Qazaxıstanın rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında dövlətlərarası sazişin bağlanmasında aktiv iştirak edib. Təşkilat rəhbəri xatırladıb ki, bu saziş artıq Milli Məclis tərəfindən qəbul edilib və prezident tərəfindən təsdiqlənib: "Trans-Xəzər optik magistralı Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsini nəzərdə tutan, AzerTelecom tərəfindən həyata keçirilən "Azerbaijan Digital Hub” proqramının əsas hissəsidir.

 

Bu Proqram çərçivəsində həm də bütün ADY (Azərbaycan Dəmir Yolları – red.) infrastrukturu boyunca rəqəmsal rabitə xəttinin çəkilişi nəzərdə tutulur.

 

Məhz bu proqram Azərbaycanı Çinin təşəbbüskarı olduğu "Belt and Road Initiative” layihəsində telekommunikasiya dəhlizinə çevirəcək.

 

Beləliklə, buradan belə qənaətə gəmək olar ki, Cavid Qurbanov artıq nəhəng rəqəmsallaşma layihələrində də "söz sahibidir”.

 

Adıçəkilən tədbirin mahiyyətinə baxsaq düşünmək olardı ki, məntiqlə bu tip tədbirdə başqa bir mərkəzi icra orqanının birinci şəxsi olmalıydı.

 

Lakin fotodan görünür ki, aidiyyatı qurumlar üzrə mərkəzi icra orqanlarından birinci şəxsi ADY rəhbəridir. Beləliklə, görünən odur, ki ADY rəhbəri lokalda, regionalda və qlobal müstəvidə xeyli fəaldır və prezidentin tərifi üçün də ciddi əsaslar var”.

 

Qeyd edək ki, Azərbaycanın yüksək vəzifəli məmurların korrupsiya faktları və biznesləri barədə vaxtaşırı xarici və ölkə mediasında araşdırmalar dərc olunur. Cavid Qurbanovla bağlı isə bir neçə araşdırma yayılıb.

 

Araşdırmaçı jurnalist Hafiz Babalının "Baş dəmiryolçunun Şərq-Qərb dəhlizi boyunca uzanan biznesi" araşdırması isə bu mövzuda son ciddi araşdırmalardan biridir. Araşdırmada qeyd olunur ki, Qurbanovun biznesinin izi Gürcüstandan, Türkiyədən keçib Avropaya qədər gedir. O, "Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbər gələndən sonra burada çalışanların sayı iki dəfə azalıb və indi təxminən 6 min nəfərə düşüb. Əvəzində təkcə 2015-2017-ci illərdə ADY-nin bank kreditləri üzrə borcu 2,6 dəfə artıb və 2 milyard 549 milyon manata çatıb.

 

Maraqlıdır ki, ortada bir neçə ciddi araşdırma yazısının, beynəlxalq hesabatın və 2 milyarddan çox kreditin olduğu bir dövrdə ölkə başçısı Cavid Qurbanovun fəaliyyətində hansı irəliləyişdən razı qalıb? Bəs hörmətli İKT mütəxəssisi?”

 

© Index

Oxşar xəbərlər