“Azəristiliktəchizat” qışa 29 milyon manat borcla gedir

img






SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov müsahibəsində "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İB-yə borc məsələsinin bu il də gündəmdə olduğunu açıqlaması vətəndaşlarda qış mövsümündə mənzillərin istiliklə təchiz edilməsi ilə bağlı narahatlıq yaradıb.

 

"Azəristiliktəchizat" ASC ilə bu il iyulun 26-da imzalanan razılaşma protokolunda iyulun 1-i tarixinə təbii qazdan istifadəyə görə "Azəriqaz” İB-yə olan borc qalığı 33 mln. 525 min 480 manat göstərilib. Oktyabr ayının 1-nə istifadə edilən qaza görə debitor borc isə 28 mln. 913 min 497 manat təşkil edir. Bu ilin 9 ayı üçün hesablanan borc 21 mln.429 min 129 manatdır. Bu günə qədər borc öhdəlikləri 19,11% yerinə yetirilib", - deyə qurum rəsmisi bildirib.

 

Bu da haqlı olaraq vətəndaşlarda sual yaradıb. Görəsən qurumun "Azəriqaz"a olan borcu qış mövsümündə istilik təchizatında problem yaratmayacaq ki?

 

"Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bu narahatlıqla bağlı sualı cavablandırarkən bildirib ki, bu borc vətəndaşlara problem yaratmayacaq: "Qurumlar arasında borc məsələsi əvvəllər də vardı. Bu borclar hökümət tərəfindən tənzimlənir, ona görə vətəndaşlarımız bundan əziyyət çəkməyəcək. Qışa hazırlığa qalanda isə 2019-2020-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqadar olaraq "Azəristiliktəchizat" ASC tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq bütün zəruri tədbirlər həyata keçirilib”.

 

Lakin iki qurum arasında bu borc məsələsi 2015-ci ildə də baş vermiş hadisənin təkrarlanmasına səbəb olmayacaq ki? O vaxt da vətəndaşlar bu borc üzündən istilik təchizatından məhrum olmuşdular. Belə ki, "Azəristiliktəchizat” "Azəriqaz"a olan borcunu ödəmədiyi üçün şəhər təsərrüfatı noyabrın 15-dən qış rejiminə keçsə də, "Azəristiliktəchizat” evlərə istilik vermək üçün "mavi yanacaq” əldə edə bilməmişdi.


© Report, Qaynarinfo

Oxşar xəbərlər