Belarus vətəndaşı “AtaBank”ın müflisliyini tələb etdi

Belarus vətəndaşı “AtaBank”ın müflisliyini tələb etdi

img



Dünən “Atabank”dan təxmini 400 000 dollar məbləğində əmanətini aylarla çıxara bilməyən Belarus vətəndaşı Azərbaycan Mərkəzi Banka rəsmi müraciət edib. O, hazırda bu bankdan pulunu çıxara bilməyən minlərlə şəxslərdən biridir.

İndex.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib.

Onun sözlərinə görə, müraciətdə qeyd olunur ki, “Atabank” əmanətlərin qaytarılması üçün yetərli maliyyə vəsaitinə malik deyil və Mərkəzi Bank özü də rəsmi bəyanatlarında bunu etiraf edib: “Banklar haqqında” Qanunun 61.1.3-cü maddəsi ilə bankın vaxtı çatmış maliyyə öhdəliklərini kreditorlar tərəfindən tələblər irəli sürüldükdə ödəməyə qadir olmaması bank barəsində iflas prosedurana başlanılmasının əsaslardan biri kimi qiymətləndirilmişdir. Qanunun 62.2-ci maddəsinə əsasən, bank öz öhdəliklərini yerinə yetirmədikdə, bir və ya bir neçə kreditor Mərkəzi Banka vəsatətlə müraciət edə bilər. Mərkəzi Bank vəsatətə onu aldığı gündən 5 təqvim günü müddətində baxır və əgər bankın öz öhdəliklərini yerinə yetirmədiyi faktını müəyyənləşdirirsə, bank lisenziyasının ləğvi və iflas proseduruna başlanılmasına dair məhkəməyə ərizə vermək haqqında qərar qəbul edir. Mərkəzi Bank məhkəməyə ərizəni bu barədə qərarı qəbul etdikdən sonra 3 təqvim günü ərzində verir. Bankın öz öhdəliklərini yerinə yetirmədiyi faktı müəyyən edilməmişdirsə, Mərkəzi Bank kreditorlara əsaslandırılmış imtina göndərir. Qeyd edilənləri nəzərə alaraq, Belarus vətəndaşı “Atabank”ın iflas proseduruna başlanılması ilə əlaqədar lazımi tədbirlərin görülməsinin təmin edilməsini, əks təqdirdə, ona imtina ilə əlaqədar əsaslandırılmış cavab göndərilməsini Mərkəzi Bankdan xahiş edib”.

Ekspert deyir ki, o, eyni zamanda qeyd edib ki, Mərkəzi Bankın bu məsələ üzrə vaxtında və lazımi tədbiri görməməsi onun özü üçün də məsuliyyət yaradır: “Belə ki, əgər bank müflis deyilsə və sadəcə ödəmə qabiliyyətinin qısamüddətli pozulması və likvidlik çatışmazlığı ilə üzləşibsə, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 49-cu maddəsinə əsasən Mərkəzi Bank sonuncu instansiya kreditoru olaraq Banka kredit verməlidir ki, borclarını vaxtında ödəyə bilsin. Əks halda, Bank müflisdir və bu faktın vaxtında tanınmaması onun kreditorları üçün bir sıra problem yarada bilər. Əvvəla, iflas proseduruna vaxtında başlanılmaması kreditorlar arasında qeyri-bərabərlik yaradır: hazırda onların bəzilərinin tələbi bizə məlum olmayan meyar əsasında ən azı qismən ödənilir, qalanlarına isə heç nə ödənilmir (deməli, nəticədə sonunculara daha az vəsait çatacaq). Digər tərəfdən isə qorunan əmanətlər tam və ya qismən qorunmayan statusuna keçə bilər (“Əmanətlərin tam sığortalanması haqqında” Qanunun müddətinin bitməsi və ya digər səbəbdən). Bütün bu mənfi hallara və kreditorlara vurulmuş zərərə görə Mərkəzi Bank məsuliyyət daşıyacaq”.

Ə. Həsənov bildirib ki, konkret olaraq Belarus vətəndaşının əmanəti tam qorunan və sığortalanandır: “Lakin 4 mart 2020-ci il tarixdə “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun qüvvədən düşəcək və Bankın bank lisenziyasının ləğvi və iflas proseduruna başlanılmasına ondan sonra həyata keçirilsə, əmanət artıq tam sığortalı olmayacaq. Başqa sözlə, Mərkəzi Bankın məsələni yubatması vətəndaşa külli miqdarda zərər vura bilər. Beləliklə, Mərkəzi Bank maksimum 17 fevral tarixində ya “Atabank”ın lisenziyasını ləğv etməli və iflas proseduruna başlamalı, ya da bundan rəsmi imtina etməli və bunun nəticələri üzrə məsuliyyəti tam üzərinə götürməlidir. O cümlədən bankın minlərlə kreditorları, həmçinin əmanətçiləri qarşısında. Və yol verdiyi yubatmaya (4 martımı gözləyir?) görə Elman Rüstəmov daha Maliyyə Sabitliyi Şurasının arxasında gizlənə bilməyəcək. Qanun var, onun tələbi və müəyyən etdiyi müddət var”.