Bu ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədə 578 mənzil alıblar.

İndex.az bu barədə Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin ilk 8 ayı ilə müqayisədə olaraq 61 mənzil və ya 11,8 % çoxdur.

Təkcə avqust ayında isə Azərbaycan vətəndaşları Türkiyədə 77 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə olaraq 13 mənzil və ya 14,4 % azdır.

Avqustda Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda 6-cı yerdə qərarlaşıb.

Ümumilikdə, bu ilin yanvar-avqust aylarında Türkiyədə xarici vətəndaşlara 13 158 mənzil satılıb. Bu, 2024-cü eyni dövrü ilə müqayisədə 2 042 mənzil və ya 13,4 % azdır.

Təkcə avqustda isə xaricilər Türkiyədə 1 816 mənzil alıblar ki, bu da 2024-cü ilin avqust ayı ilə müqayisədə olaraq 455 mənzil və ya 20 % azdır.

Hesabat dövründə Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub. Onlara ötən 8 ay ərzində 2 253 mənzil satılıb. Bu, ötən ilin ilk 8 ayı ilə müqayisədə 1 036 ədəd və ya 31,5 % azdır.

Təkcə avqustda isə rusiyalılar Türkiyədə 283 mənzil alıblar ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 98 ədəd və ya 25,7 % azdır.

Növbəti yeri İran vətəndaşları tutublar. Onlar bu ilk 8 ayında bu ölkədə 1 125 mənzil satılıb ki, bu da illik müqayisədə 267 ədəd və ya 19,2 % azdır. Avqustda isə iranlılara 155 mənzil satılıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 16 mənzil və ya 9,3 % azdır.

Ötən ay üçüncü yerdə Almaniya vətəndaşları olub. Belə ki, yanvar-avqust aylarında Almaniya vətəndaşları Türkiyədə 808 mənzil sahib olublar. Bu da 2024-cü ilin 8 ayı ilə müqayisədə 6 mənzil və ya 0,7 % çoxdur. Avqustda isə almanlar Türkiyədə 118 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 21 mənzil və ya 15,1 % azdır.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan vətəndaşları Türkiyədə 866 mənzil alıblar.