Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində monitorinqlər aparılıb.
Bu barədə İndex.az-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Xidməti tərəfindən TƏBİB-in tabeliyində olan Bakı və ətraf regionlarda yerləşən 54 tibb müəssisəsində (xəstəxana, stasionar müəssisələr, tibb mərkəzləri, institutlar və s.) TƏBİB-in iştirakı ilə monitorinqlər həyata keçirilib. Bu çərçivədə həmin tibb müəssisələrində istifadə olunan 4 584 tibbi cihaz və avadanlığın (rentgen və diaqnostik cihazlar, kardiomonitor, ultrasəs müayinə cihazı və s.) dəqiqliyi yoxlanılaraq metroloji norma və qaydalara uyğunlaşdırılması təmin olunub.
Qanunvericiliyin tələblərinə görə, mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində tipi təsdiq edilməmiş, metroloji norma və qaydalara uyğunluğu baxımından dövri yoxlanılmaya təqdim edilməmiş tibbi ölçü cihazlarının istifadəsi qadağandır.
Qeyd edək ki, Dövlət Xidməti tərəfindən özəl tibb müəssisələrində istifadə olunan tibbi cihaz və avadanlıqların metroloji norma və qaydalara uyğunluğunun təmin edilməsi istiqamətində də zəruri tədbirlərin görülməsinə başlanılıb. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
