Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 7,7% artaraq 2,6 milyard ABŞ dolları təşkil edib.
İndex.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 20,5% artaraq 841,4 milyon ABŞ dolları olub.
Bundan başqa, hesabat dövründə şəkərin ixrac dəyəri 46,9%, meyvə-tərəvəzin ixrac dəyəri 31,3%, kimya sənayesi məhsullarının ixrac dəyəri 22%, pambıq ipliyin ixrac dəyəri 12,5%, çayın ixrac dəyəri 3,3%, alüminium və onlardan hazırlanan məmulatların ixrac dəyəri 2,6%, qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri isə 1% artıb.
İl ərzində aqrar məhsulların ixrac dəyəri 27,8% artaraq 667,1 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixrac dəyəri 233,1 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 19,2% artaraq 900,2 milyon ABŞ dolları təşkil edib.
