Qazaxıstan zəlzələdən zərər çəkmiş Türkiyəyə 1 milyon ABŞ dolları ayıracaq.
İndex.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, ölkə prezidenti Kasım-Comərt Tokayev hökumətə fəlakətli zəlzələdən zərər çəkmiş Türkiyəyə təcili yardım göstərmək üçün 1 milyon dollar ayırmağı tapşırıb.
Həmçinin, Qazaxıstanın səlahiyyətli orqanları Türkiyə tərəfi ilə birlikdə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün əlavə yardımın göstərilməsi məsələsini öyrənirlər.
Xatırladaq ki, Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 6234 nəfərə çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Təbii fəlakət nəticəsində 37 011 nəfər yaralanıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
