"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda məğlub olub.

İndex.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Niderlandın "Ayaks" klubu ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşən matç qonaqların qələbəsi ilə bitib - 4:2.

Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb.

Qonaqlardan Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib. 47-ci dəqiqədə Mateus Silva yenidən "Qarabağ"ı hesabda önə keçirib.

"Ayaks"ın heyətində 79-cu dəqiqədə Oskar Qlux, 83-cü dəqiqədə Anton Qoei adını tabloya yazdırıb. Oskar Qlux 90-cı dəqiqədə fərqlənməklə dubl müəllifi olub.

Niderland klubu Liqa mərhələsində ilk qələbəsini qazanıb. "Qarabağ"ın 7 xalı var.

Qeyd edək ki, "köhlən atlar" VII turda, 2026-cı il yanvarın 21-də Bakıda Almaniyanın "Ayntraxt" (Frankfurt) kollektivini qəbul edəcək.