Postmüharibə dövründə Azərbaycanda 132 min unikal şəxsə 406 min sosial xidmət göstərilib, sosial cəhətdən həssas qrupların müavinət və təqaüdləri isə orta hesabla iki dəfədən çox artırılıb.
İndex.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Qarabağ KOB-ları Proqramı"nın 2025-ci il icrasına dair tədbirdə deyib.
Nazir vurğulayıb ki, son illərdə sosial siyasətin əsas istiqamətlərindən biri şəhid ailələri, müharibə əlilləri və veteranlarının sosial müdafiəsinin gücləndirilməsidir. Onun sözlərinə görə, postmüharibə dövründə bu kateqoriyadan olan şəxslərə 6 900 mənzil təqdim edilib. Ümumilikdə isə indiyədək 16 minə yaxın mənzil onların istifadəsinə verilib. Eyni zamanda, dövr ərzində müharibə əlillərinə 567 avtomobil, ötən illər ərzində isə ümumilikdə 7,8 min avtomobil təqdim olunub.
"Şəhid ailələri və müharibə əlillərinə göstərilən sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri də genişlənib: 11 min nəfərə 93 min xidmət göstərilib, 496 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib, 2 397 müharibə əlili isə 85 min reabilitasiya vasitəsi ilə təmin olunub. Bundan əlavə, 28,6 min şəhid ailəsi üzvü, müharibə əlili və veteran aktiv məşğulluq proqramlarına cəlb edilib: onların 13,4 mini özünüməşğulluq proqramına, təxminən 1 400 nəfər peşə hazırlığına qatılıb, 13,8 min nəfər isə münasib işlə təmin edilib", - nazir qeyd edib.
A. Əliyev bildirib ki, 2019-cu ildən 4 milyon insanı əhatə edən 5 sosial islahat paketi icra olunub. Bu islahatların illik əlavə maliyyə yükü 7,6 milyard manat təşkil edib. Həmin dövrdə əmək müqavilələrinin sayı 44 % artaraq 1,9 milyona çatıb, ölkə üzrə əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib. Minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2 dəfə artıb.
Sosial sahədə aparılan islahatlar nəticəsində minimum pensiyalar 2,9 dəfə artırılaraq 320 manata, orta aylıq pensiya isə 2,6 dəfə artırılaraq 540 manata yüksəlib. Müavinətlər və prezident təqaüdləri üzrə ödənişlərin həcmi ümumilikdə 5 dəfə artıb.
Nazir əlavə edib ki, 2018-ci ildən dövlət məşğulluq siyasəti dərin islahatlar mərhələsinə daxil olub. 2019-2030-cu illər üçün məşğulluq strategiyası əhalinin səmərəli məşğulluğunun təmin edilməsi üzrə uzunmüddətli prioritetləri müəyyən edir: "Bu dövrdə məşğulluq xidməti orqanları tərəfindən 852 mindən artıq işsiz və işaxtaran şəxs işlə təmin edilib, 56 min nəfər peşə hazırlığına cəlb olunub, 1,2 milyon şəxsə peşəyönümü üzrə məsləhət xidmətləri göstərilib.
Nazir əhalinin özünüməşğulluğunun təşkili istiqamətində görülən işlərə də toxunub. O bildirib ki, 2020-2025-ci illəri əhatə edən və Avropa İttifaqı ilə Dünya Bankı tərəfindən dəstəklənən birinci məşğulluğa dəstək layihəsi bu sahədə ən əhəmiyyətli təşəbbüslərdən biridir. Layihənin əsas məqsədi keçmiş məcburi köçkünlər, ünvanlı sosial yardım alanlar, qadınlar, gənclər və digər işsiz şəxslərin özünüməşğulluğa cəlb olunması, onların formal əmək bazarına çıxış imkanlarının genişləndirilməsidir.
Nazir xatırladıb ki, bu layihə çərçivəsində proqrama qoşulmaq üçün 100 mindən çox müraciət daxil olub, 36 min nəfər təlimlərə cəlb edilib, 25,8 min şəxs isə aktivlərlə təmin olunub: "Hazırda layihənin ikinci mərhələsinin icrasına başlanılıb. 2026-2030-cu illəri əhatə edəcək ikinci mərhələdə özünüməşğulluq proqramının əhatə dairəsi daha da genişləndiriləcək, əlavə 30 min nəfərin proqramdan yararlanması təmin olunacaq, proqramın səmərəliliyinin artırılması və digər aktiv əmək bazarı alətlərinin tətbiqi nəzərdə tutulur".
