"Mango"nun qurucusu İsak Andiç keçən ilin dekabr ayında Barselona yaxınlığında gəzinti zamanı 150 metr hündürlükdən yıxılaraq dünyasını dəyişmişdi. İndi isə oğlu Conatan Andiç atasının ölümü iə bağlı istintaqa cəlb olunub.

İndex.az xəbər verir ki, 71 yaşlı iş adamı ölən zaman onu yalnız oğlu Conatan müşayiət edib. Polisin ilkin araşdırmaları yıxılmanın təsadüfi olduğunu deyib və məhkəmə müvəqqəti olaraq istintaqı dayandırıb.

Lakin mart ayında Barselona yaxınlığındakı Martorell şəhərinin hakimi işi yenidən açıb.

İspaniya mətbuatında yer alan xəbərlərə görə, 44 yaşlı Conatan Andiçin ifadəsindəki ziddiyyətlər və ata-oğul arasındakı “mürəkkəb münasibət” hakimi yenidən hərəkətə keçməyə sövq edib.

Yeni məlumatlar fonunda Jonathan Andiç hazırda qətldə şübhəli bilinərək istintaqa cəlb olunsa da, ona hələ də rəsmi ittiham irəli sürülməyib.

Qeyd edək ki, Türkiyədən İspaniyaya köçən İsak Andiç 1984-cü ildə qardaşı Nəhmanla birlikdə "Mango" brendini qurdu. Bu gün şirkətin 110-dan çox ölkədə 2700-dən çox mağazası var.

ABŞ-da yerləşən “Forbes” jurnalının məlumatına görə, Andiçin ölümündən əvvəl sərvəti 4,5 milyard dollar civarında olub.

Bir vaxtlar İspaniyanın ikinci ən zəngin adamı olan Andiç şəxsi təyyarəsi və 175 metrlik yaxtası ilə tanınırdı.