Pekindən olan mütəxəssislər orbital kosmik stansiyalarda istifadə üçün kompakt paltaryuyan maşın hazırlayıblar.
İndex.az xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri yazır.
Nəşr bildirir ki, cihaz kimyəvi yuyucu vasitələr olmadan işləyir və kosmik fəzada defisit resurs olan suyun minimal miqdarını istifadə edir,
Çin taykonavtlarının tədqiqat və təlim mərkəzindən olan tərtibatçıların bildirdiyinə görə, cihaz ölçüsünə görə səyahət çantasına bənzəyir və 12 kq çəkiyə malikdir. Bir dövr ərzində maşın 800 qram çəkidə paltarları yumaq üçün cəmi 400 ml su sərf edir, mayeni kiçik dispersiyalı duman şəklində verir.
Ənənəvi yuyucu tərkiblər əvəzinə aparat ultrabənövşəyi şüalanma vasitəsilə ozon generasiya edir. Bu güclü dezinfeksiyaedici vasitə parçaların sterilizasiyasını təmin edir. Tam 30 dəqiqəlik tsikl su dumanının püskürdülməsini, ozonla işlənməni və qurutma prosesini əhatə edir. Bütün əməliyyatlar qazların sızmasını istisna edən hermetik kamerada baş verir.
İndiyə qədər kosmonavtlar orbitdə paltarlarını yuya bilmirdilər — əşyalar müəyyən müddət ərzində istifadə olunur, sonra Yer atmosferində yanan yük kapsullarına qablaşdırılırdı. Yaradıcıların qiymətləndirmələrinə görə, yeni sistem Çinin "Tiangong" stansiyasının ekipajları üçün lazım olan paltarların ümumi kütləsini 60%-dən çox azalda bilər.
