İsrail və Azərbaycan bu gün Yerusəlim şəhərində Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) İsraildə qaz kəşfiyyatı üçün lisenziya verilməsi haqqında saziş imzalayacaqlar.

İndex.az xəbər verir ki, bu barədə İsrailin Energetika və İnfrastruktur Nazirliyi məlumat verib.

Məlumata görə, İsrailin enerji təhlükəsizliyini gücləndirəcəyi gözlənilən bu saziş, yəhudi dövləti ilə Azərbaycan arasında dostluq əlaqələrinin son göstəricisidir.

Qaz kəşfiyyatı haqqında saziş Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun İsrailə səfəri zamanı imzalanacaq. O, həmçinin SOCAR-ın Müşahidə Şurasının sədridir.

Bildirilir  ki, imzalanma mərasimi İsrailin energetika naziri Eli Kohenin ofisində keçiriləcək.

Qeyd edək ki, SOCAR Böyük Britaniyanın BP və İsrailin “NewMed Energy” şirkətlərindən ibarət konsorsiumun bir hissəsidir. Bu konsorsium 2023-cü ildə İsrail Energetika Nazirliyinin dünyanın ən böyük şelf qaz yataqlarından biri olan Leviafan yatağına bitişik Aralıq dənizi yataqlarında qazma işləri üçün keçirdiyi tenderi qazanıb.