Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısı “Hyundai Motor Co.” avtomobil satışlarının artması sayəsində ikinci rübdə rekord gəlir əldə edib.
İndex.az şirkətin mətbuat açıqlamasına istinadən xəbər verir ki, bu ilin aprel-iyun aylarında avtomobil istehsalçısının gəliri illik ifadədə 7,3% artaraq 48,3 trilyon vona (35 milyard ABŞ dolları) çatıb.
Bununla belə, ötən rübdə şirkətin xalis mənfəəti 22,1% azalaraq 3,25 trilyon von təşkil edib.
“Hyundai”nin əməliyyat mənfəəti 15,8% azalaraq 3,6 trilyon vona düşüb, analitiklərin konsensus proqnozu isə 3,5 trilyon von səviyyəsində göstərici nəzərdə tuturdu.
Bu ilin ötən rübündə “Hyundai” 1,066 milyon avtomobil satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% çoxdur.
Belə ki, Şimali Amerikada satışlar 3,3%, Cənubi Amerikada 6,6%, Avropada 2,6%, Cənubi Koreyada 1,5%, Yaxın Şərq və Afrikada 10,2% artıb. Eyni zamanda, Hindistanda satışlar 11,5%, Çində 12,6%, Asiya-Sakit okean regionunda isə 4,1% azalıb.
