Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 milyard 635 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, daha əvvəlki ilin 7 ayı ilə müqayisədə bu sahədə 2,2 % artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 4,8 % artaraq 271,5 milyon manat təşkil edib.

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 15 milyard 300 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2,9 % çoxdur. Bunun 14 milyard 789 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 2,6 % çoxdur.

Bunun 1 milyard 146,8 milyon kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da illik müqayisədə 33,8 % çoxdur.

Bunun 13 milyard 586,8 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 0,9 % çoxdur.

Hesabat dövründə Azərbaycanda 18,4 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2021-ci ilin yanvar-iyul göstəriciləri ilə müqayisədə 65,7 % azdır.

2022-ci ilin 7 ayı ərzində ölkədə 37 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı oub ki, bu da 2021-ci ilin yanvar-iyul aylarının göstəriciləri ilə müqayisədə 17,5 % çoxdur.