ABŞ-ın tanınmış avtomobil istehsalçısı olan “General Motors” şirkəti yanacaqdoldurma zamanı axan artıq yanacağın yanğın təhlükəsi ilə əlaqədar olaraq bu ölkədə 23,5 mindən çox “Corvette” avtomobilini geri çağırır.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat verib.

Problem onunla bağlıdır ki, avtomobilə yanacaq doldurularkən yanacağın daşması zamanı o, yanacaq çəninin boğazı ətrafındakı boşluqda toplanıb, sonradan mühərrik sisteminin və ya işlənmiş qaz sisteminin qızmar komponentlərinə düşə bilər. Bu da yanğına səbəb ola bilər.

Nasazlığı aradan qaldırmaq üçün “General Motors” dilerləri tökülmüş yanacağı potensial alışma mənbələrindən yönləndirmək üçün nəzərdə tutulmuş məhdudlaşdırıcı quraşdıracaqlar.

Geri çağırma 2023-2025-ci il istehsalı olan modelləri əhatə edəcək.