Ermənistan hökuməti sərhədi keçərkən pasportlara vurulan möhürlərdən Ağrıdağın (ermənilər onu Ararat dağı adlandırırlar - red.) təsvirini qonşu ölkələrə təhlükəli mesajlar göndərməmək üçün çıxarmağa qərar verib.
İndex.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin hakim "Vətəndaş müqaviləsi" partiyasının katibi Artur Ovannisyan bildirib.
O, bu qərarda heç bir qəsdin olmadığını təsdiq edib.
Dağın təsvirinin Ermənistanın dövlət gerbindən çıxarılması məsələsinə toxunan A.Ovannisyan qeyd edib ki, hələlik belə müzakirələr aparılmır.
Daha əvvəl bildirilmişdi ki, noyabrın 1-dən etibarən Ermənistana giriş-çıxış zamanı Ağrıdağ artıq sərhəd möhüründə təsvir olunmayacaq.
