Azərbaycanın su ehtiyatları Gürcüstan və Ermənistandan dəfələrlə azdır.

İndex.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədrinin müşaviri Elnur Əliyev qurumun 9 ay ərzində gördüyü işlərə həsr olunmuş mətbuat konfransında bildirib.

"Azərbaycanın su ehtiyatı 26,2 milyard kubmetr, Gürcüstanın su ehtiyatı bundan 4 dəfə çox – 108 milyard kubmetr, Ermənistanın su ehtiyatı isə bizdən 1,5 dəfə çox - 40 milyard kubmetrdir. Gürcüstan və Ermənistan birlikdə 148 milyard kubmetr su ehtiyatına malikdir və bu, Azərbaycanın göstəricisindən 5,7 dəfə çoxdur. Ölkəmiz Cənubi Qafqazdakı su ehtiyatlarının 15%-nə, Gürcüstan 62 %-nə, Ermənistan isə 23 %-nə sahibdir", - deyə o qeyd edib.

Sədr müavini həmçinin əlavə edib ki, Azərbaycan kənd təsərrüfatına yararlı torpaq sahəsində üstünlüyünü qoruyur: "Ölkəmizdə bu göstərici 4,6 milyon hektar, Gürcüstanda 3 milyon hektar, Ermənistanda isə 1,1 milyon hektardır. Son nəticədə Gürcüstan və Ermənistanın birlikdə kənd təsərrüfatına yararlı torpaqları (4,1 milyon hektar) Azərbaycanın göstəricisindən azdır".