“Bank of America”nın analitikləri 2023-cü ildə qlobal iqtisadiyyatın 2,5% artacağını proqnozlaşdırıblar.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, beləliklə, bank qlobal iqtisadi artım proqnozunu 0,3% bəndi yaxşılaşdırıb.

Belə ki, dekabrda maliyyə institutu artımın 2,2%-ə qədər olacağını proqnozlaşdırmışdı. Bu barədə “MT Newswires” nəşri məlumat yayıb. Portalın məlumata görə, 2024-cü ildə qlobal iqtisadiyyatın artımı təxminən 3% təşkil edəcək.

“Resessiya riskləri ilə bağlı bütün söhbətlərə baxmayaraq, qlobal iqtisadiyyat düşmək istəmir. Buna baxmayaraq, mahiyyət dəyişməz olaraq qalır”

BofA analitikləri 2023-cü ilin aprel-iyun aylarında ABŞ-da tənəzzülün başlanacağını, ümumilikdə ABŞ iqtisadiyyatında tənəzzülün üç rüb davam edəcəyini gözləyirlər. Analitiklərin proqnozlarına görə, ABŞ-ın ümumi daxili məhsulu (ÜDM) 2023-cü ildə 0,7%, 2024-cü ildə isə 0,3% artacaq.

“Bank of America” Çinin ÜDM artımının 5,5%-ə qədər sürətlənəcəyini etiraf edib. Avropa İttifaqı iqtisadiyyatı isə 2023-cü ildə 0,4% artım göstərəcək. Gələn il isə bu rəqəm 0,9% təşkil edəcək.

Öz növbəsində, Dünya Bankı qlobal iqtisadi artımın əvvəllər təxmin edilən 3%-ə qarşı 1,7%-ə enəcəyini proqnozlaşdırıb. DB-nin iyun proqnozunun pisləşməsi bir sıra Mərkəzi Bankların monetar siyasətini sərtləşdirməsi, eləcə də tədarük zəncirlərində fasilələr və tənəzzül riskinin davam etməsi ilə bağlıdır.