ABŞ-ın “Tesla” şirkəti dünən Texas ştatının Ostin şəhərində robot taksi xidmətini işə salıb.

Bu barədə İndex.az ABŞ KİV-inə istinadən xəbər verir.

Məlumata görə, test qrupu sükan arxasında sürücü olmayan təxminən 10 elektromobilindən ibarətdir ki, bunlar da xüsusi dəvət olunmuş sərnişinləri daşıyır.

Son günlərdə avtomobil istehsalçısı məhdud bir zonada robot taksilərin diqqətlə nəzarət olunan sınağı üçün seçilmiş bir qrup şəxslərə dəvətnamələr göndərib. Bu barədə şirkətin rəhbəri İlon Mask özü sosial şəbəkədə bildirib.

Səyahətlər 4,2 dollar məbləğində sabit ödəniş qarşılığında təklif olunur.

Əvvəllər İ. Mask bildirmişdi ki, yaxın bir neçə ay ərzində xidmət ABŞ-ın digər şəhərlərində də əlçatan olacaq və robot taksilərin sayı təxminən minə qədər artacaq.

Qeyd edək ki, proqram kameralar və sensorlarla təchiz edilmiş adi “Model Y” avtomobillərindən istifadə edəcək. Keçən il təqdim edilmiş tam avtonom “Cybercab” elektromobili hələ də inkişaf mərhələsindədir.

"Bunlar zavoddan birbaşa gələn, modifikasiya edilməmiş “Tesla” avtomobilləridir", - deyə Mask bildirmişdi.