ABŞ-da istehlak kreditlərinin vaxtı keçmiş payı bu ilin birinci rübündə tələbə kreditləri haqqında məlumatların yenidən dərc edilməsi səbəbindən son 5 ilin ən yüksək səviyyəsinə qalxıb.
İndex.az xəbər verir ki, bu barədə Nyu-York Federal Ehtiyat Bankının (FRB) hesabatında deyilir.
Məlumata görə, yanvar-mart aylarında ödənişlərin gecikdirildiyi kreditlərin faizi 4,3% təşkil edib ki, bu da 2020-ci ildən bəri maksimumdur. Əvvəlki rübdə bu göstərici 3,6% təşkil edib.
Təhsil üçün federal kreditlər üzrə buraxılmış ödənişlər koronavirus pandemiyasından bəri qüvvədə olan moratoriumdan sonra hesabatlarda yenidən əks olunmağa başlayıb. Birinci rübdə tələbə kreditlərinin təxminən 8%-i "ciddi şəkildə vaxtı keçmiş" kateqoriyasına daxil edilib . Bunlar üzrə ödənişlər 90 gün və daha çox gecikdirilib.
Tələbə kreditləri nəzərə alınmadan, vaxtı keçmiş kreditlərin payı ümumiyyətlə əvvəlki rübün səviyyəsində qalıb. İpoteka kreditləri, tələbə kreditləri, avtokreditlər və kredit kartlarını əhatə edən ABŞ ev təsərrüfatlarının ümumi borc məbləği yanvar-mart aylarında 167 milyard dollar artaraq rekord 18,2 trilyon dollara çatıb.
