2024-cü ildə Azərbaycanda ən çox vergi ödəyən hüquqi şəxslərin siyahısı açıqlanıb

İndex.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir.

Məlumata görə, bu siyahıya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi başçılıq edir. Ötən il bu İstehsalat Birliyi dövlət büdcəsinə 1 milyard 495,1 milyon manat vəsait köçürüb.

İkinci yerdə Tabaterra” MMC-i qərarlaşıb. Tütün istehsalı şirkətinin ötən il vergi ödənişləri 689,3 milyon manat təşkil edib. İlk üçlüyü “BP Eksploreyşn (Azərbaycan) Limited” şirkətinin Azərbaycandəkı nümayəndəliyi qapadır. Böyük Britaniya Şirkəti ötən il ərzində 664,3 milyon manat vergi ödəyib.

Azərbaycanda ən çox vergi ödəyən hüquqi şəxslərin siyahısında İlk onluğun dördüncü yerində 524,6 milyon manat ödənişlə "LukOİL Oversiz Şah Deniz LTD” şirkəti qərarlaşıb.

Beşinci və altıncı yerləri Türkiyənin “Turkish Petroleum Overseas Company LTD” şirkətinin Azərbaycan Nümayəndəliyi və “Sauf Kokazus Payplayn Kompani LTD” şirkətinin Azərbaycan Nümayəndəliyi tutublar. Bu şirkətlər ölkədə vergi yolu ilə müvafiq olaraq 422,7 milyon və 292 milyon manat ödəyiblər.

Bu siyahıda 7-ci yeri 268,9 milyon manat vergi ödənişi ilə “BP Eksploreyşn (Kaspian Sİ) Limited” Şirkətinin Azərbaycan Nümayəndəliyi, 8-ci yerdə 188 milyon manat vergi ödənişi ilə “Azərbaycan (EYSC) Limited” şirkətinin Azərbaycan Nümayəndəliyi yer alıblar.

Azərbaycanda ən çox vergi ödəyən hüquqi şəxslərin siyahısında 9-cu yerdə 170,6 milyon manat ödənişlə “Kapital Bank” ASC, sonuncu 10-cu yeri isə 133 milyon manat ödənişlə SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodu tutub.

Bildirilir ki, vergi orqanları tərəfindən şəffaflaşmanın, vergi intizamının və sosial məsuliyyətin artırılması istiqamətində aparılan islahatlar dövlət və özəl sektor arasında qarşılıqlı etimadın yüksəlməsini təmin edir. Sahibkarların vergi öhdəliklərinə könüllü əməletmə səviyyəsini artıran bu addımlar biznes mühitində məzmunca yeni mərhələyə keçidi sürətləndirir.

DVX 2024-cü ildə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən vergi ödəyicilərinin adlarını açıqlayır.

Siyahı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: