2022-ci il ərzində Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından 1 milyard 443 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

İndex.az Neft Fonduna istinadən xəbər verir ki, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 558,207 milyon ABŞ dolları və ya 63,1 % çoxdur.

2022-ci ildə Neft Fonduna daxil olan vəsaitlərin 328,567 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu da 2021-ci ilin dövrü ilə müqayisədə 25,750 milyon ABŞ dolları və ya 8,5 % çoxdur.

Xatırladaq ki, 2021-ci ildə ARDNF-in “Şahdəniz” yatağı üzrə əldə etdiyi gəlirin həcmi 884,793 milyon ABŞ dolları təşkil edib. “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından isə 302,817 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lkoil” (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (6,67 %).