Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,9 %, qeyri-qida məhsulları üzrə 2,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6,6 % artıb.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin noyabr ayında istehlak qiymətləri 2024-cü ilin oktyabr ayına nisbətən 5,5 %, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1 %, qeyri-qida məhsulları üzrə 2,5 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 % artıb.

Ötən ay istehlak qiymətləri əvvəlki aya nisbətən 0,3 %, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,4 % artıb.

Noyabrda ayrı-ayrı qida məhsullarından daha çox artım qarabaşaq yarmasının, mal ətindən konservlərin, balıq və balıq məhsullarının, südün, yumurtanın, armudun, üzümün, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, soğanın, kartofun, qara və yaşıl çayın, alkoqollu içkilərin, azalma isə makaronun, limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kivinin, ağ kələmin, göyərtinin, balqabağın, lobyanın, süfrə çuğundurunun, yerkökünün qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.