Elektrik enerjisi və qaz təchizatından 4 mindən çox şikayət – Statistika

Elektrik enerjisi və qaz təchizatından 4 mindən çox şikayət – Statistika

img



2019-cu ildə Energetika Nazirliyinə istehlakçı hüquqlarının qorunması, elektrik enerjisi və qaz təchizatı, sayğaclaşdırma və digər məsələlərlə bağlı 4 092 müraciət daxil olub.

“İndex” Energetika Nazirliyinə istinadən xəbər verir ki, müraciətlərin 1887-i elektrik enerjisi, 820-i təbii qaz təchizatı, 1385-i isə digər məzmunlu məsələləri əhatə edib. Bu müraciətlərdən 288-ni qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubları təşkil edib.

Elektrik enerjisi üzrə müraciətlər enerji təchizatı şəbəkəsinə qoşulma, sayğaclarda yaranan qüsurlar, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması, elektrik enerjisinin keyfiyyəti, enerji verilişində yaranan fasilələr və digər çatışmazlıqlarla bağlı olub.

Qaz təchizatı ilə bağlı müraciətlər isə qazlaşdırma, borc və cərimələr, qaz təchizatının fasilələrlə verilməsi, qaz sızması, sayğaclaşdırma və digər məsələləri əhatə edib.

Bu dövr ərzində 3533 müraciət Energetika Nazirliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən müvafiq qaydada araşdırılaraq cavablandırılıb.

Hesabat dövründə həmçinin Energetika naziri və nazir müavinləri tərəfindən paytaxt və regionlarda vətəndaşların qəbulu həyata keçirilib. Bakı, Şirvan, Lənkəran, Masallı, Lerik, Xaçmaz, Quba, Siyəzən, Şəki, Qəbələ, Zaqatala, Gəncə, Goranboy, Gədəbəy, Tovuz, Qazax, Şəmkir, İmişli, Ağdam, Beyləqan, Yevlax, Mingəçevir, Bərdə, Kürdəmir, Göyçay və Zərdab şəhərlərində keçirilmiş qəbullar zamanı 362 vətəndaş qəbul edilib, onların müraciətləri dinlənilib və qaldırılan məsələlərlə bağlı qanunvericiliyin tələblərinə uyğun lazımi tədbirlərin görülməsi üçün nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.