Bu ay D230 blokunda 3D seysmik tədqiqat başlanılır

img






Bu ay Xəzərin Azərbaycan sektorunda yerləşən D230 blokunda 3 ölçülü seysmik tədqiqat işlərinə başlanılması planlaşdırılır.

İndex xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə yaydığı hesabatda qeyd edilib.

Məlumatda deyilir ki, D230 blokunda noyabr ayında 3-ölçülü seysmik tədqiqat aparılması planlaşdırılır: “Əldə edilmiş nəticələrdən asılı olaraq ilk kəşfiyyat quyusunun planlaşdırılmasına da 2020-ci ildə başlanacaq”.

Qeyd edək ki, BP və SOCAR arasında Xəzərin Azərbaycan sektorunda yerləşən Şimali Abşeron hövzəsində D230 saylı blok daxilindəki potensial perspektivli strukturlarda birgə kəşfiyyat işlərinin aparılması üçün 2018-ci ilin aprel ayında Hasilatın Pay Bölgüsü Haqqında Saziş (HPBS) imzalanıb. Saziş 2018-ci ilin oktyabrında Azərbaycanın parlamenti tərəfindən ratifikasiya edilib.

25 illik müddəti əhatə edən HPBS-ə əsasən, BP 50 faiz iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq.

D230 saylı blok Azərbaycanın sahil xəttindən, təxminən, 80 km məsafədə yerləşir və təxminən, 3,222 km² ərazini əhatə edir. Suyun dərinliyi 100 m və 800 m arasında dəyişir.

Oxşar xəbərlər