“Bakı Alüminium Profil” MMC özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ölkənin tikinti materialları sənayesi sektorunda daha bir müəssisəsinin – “Bakı Alüminium Profil” MMC-nin dövlətə məxsus paylarının satışı üzrə keçirilən investisiya müsabiqəsinin qalibi müəyyənləşib.

İndex.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, müsabiqə qalibi 5 milyon 50 min manat həcmində İnvestisiya Proqramının icrasına dair öhdəlik götürüb.

Dövlət Xidməti müəssisələrin sağlamlaşdırılması və özəlləşdirilməsi istiqamətində işləri davam etdirir. Dövlət müəssisələrinin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi isə sərmayələrin cəlb edilməsi, müasir texnologiyalara əsaslanan istehsalın qurulması və genişləndirilməsi, yeni iş yerlərinin yaradılması baxımından əlverişli mexanizmdir.

Tikinti sənayesinə töhfə verə biləcək daha bir müəssisənin – “Bakı Alüminium Profil” MMC-nin dövlətə məxsus paylarının satışı ilə bağlı elan edilmiş investisiya müsabiqəsinə yekun vurulub. Müsabiqə komissiyası tərəfindən iddiaçıların təqdim etdiyi zərflər açılıb, təkliflər qiymətləndirilib və daha əlverişli şərtlər təklif edən “Mətanət-A” şirkəti investisiya müsabiqəsinin qalibi elan olunub və müsabiqənin qalibi ilə alqı-satqı müqaviləsi imzalanıb.

Müqaviləyə uyğun olaraq, investor artıq dövlət büdcəsinə 3 milyon manat köçürmüş, müəssisənin eyni məbləğdə kreditor borclarını ödəmişdir. Müsabiqənin qalibi 2 il ərzində müəssisədə 5 milyon 50 min manat həcmində İnvestisiya Proqramını icra etməlidir. Proqram çərçivəsində mövcud tikililərin təmiri, avadanlıqların bərpası, yeni quru inşaat qarışıqları zavodunun qurulması, avadanlıq, maşın-mexanizm və texnikanın alınması (ofis avadanlığı və nəqliyyat vasitələri daxil olmaqla), infrastruktur təminatının yaxşılaşdırılması (elektrik enerjisi, qaz təchizatı, yol çəkilişi və s.) nəzərdə tutulur.

İnvestisiya Proqramının icrası müəssisədə 100 yeni iş yerinin açılmasına imkan yaradacaq.