Bədəninin spirt istehsal etdiyini sübut edən sürücü cəzadan qurtulub

Belçikada bir neçə dəfə yol nəzarəti zamanı qanında yüksək miqdarda spirt olduğu aşkarlanan və vəsiqəsi əlindən alınan kişi sürücü qərara etiraz etdiyi məhkəmədə bəraət qazanıb.

İndex.az xəbər verir ki, müxtəlif qurumlar tərəfindən verilən iki fərqli sağlamlıq hesabatında 40 yaşlı sürücünün orqanizmində şəkəri avtomatik olaraq spirtə çevirən “Sərxoş Xəstə Sindromu” (avto-pivə istehsalı sindromu) olduğu müəyyən edilib.

Belçikanın ictimai yayımı VRT-nin məlumatına görə, 2019-cu ildə keçirilən yol nəzarəti zamanı ilk dəfə qanında yüksək miqdarda spirt olduğu aşkarlanan sürücü spirtli içki qəbul etmədiyini iddia edib.

Sürücülük vəsiqəsi əlindən alınan və polis tərəfindən cərimələnən sürücü 2022-ci ilin aprel və may aylarında daha iki dəfə sərxoş vəziyyətdə avtomobil idarə etməkdə təqsirli bilinib.