Toyuq ətini ucuzlaşmağa qoymayan 3 əsas SƏBƏB

Toyuq ətini ucuzlaşmağa qoymayan 3 əsas SƏBƏB

img



Azərbaycanda quş əti bahadır.

İndex.az xəbər verir ki, bunu “MediaPost”a açıqlamsında kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli bildirib. Onun sözlərinə görə, Azərbaycanda quş əti digər ölkələrlə müqayisədə bahadır: "Quş əti bütün dünyada belə qəbul olunub ki, digər heyvan ətləri ilə müqayisədə daha ucuz və ən əlçatandır. Çünki sənaye üstünlüyü olduğuna görə, dövriyyəsi böyükdür və insanlar onu rahat əldə edə bilirlər. Amma bununla belə quş ətinin qiyməti başqa ölkələrlə müqayisədə Azərbaycanda daha bahadır".

Nicat Nəsirlinin sözlərinə görə, ölkəmizdə quş ətinin baha olmasına səbəb olan 3 əsas faktor var.

“Heyvandarlıqda və quşçuluqda maya dəyərə təsir edən amillərdən biri də yem üzərində dayanır. Ölkəmizdə quş ətinin baha satılmasına səbəb olan birinci amil quşlara verilən yemin baha başa gəlməsidir. Quş ətinin qiymətinin formalaşması 70% ona verilən yemin neçəyə başa gəlməsindən asılıdır. Ölkəmizdə heyvan yemləri istehsalı ixtisaslaşmayıb”, - deyə o bildirib.

 

“Hər il Azərbaycanda 300 min ton quş əti istehsal olunur”

 

Mütəxəssisin sözlərinə görə, bu gün Azərbaycanda rəsmi rəqəmlərə görə, il ərzində 300 min ton quş yemi istehsal olunur: "Amma bu 300 min tonun da xam malı vitamin əlavələri xaricdən alınır. Ciddi problem yemçilik məsələsidir. Azərbaycanda quşçuluqda yem kimi istifadə olunacaq soya, qarğıdalı, aramat, yem noxudu, günəbaxan əkilmir. Bu gün günəbaxan belə, Azərbaycana Amerikadan alınıb gətirilir. Quş texnologiyaları, avadanlıqlar, ləvazimatları, dərmanlarının hamısı xarici ölkələrdən alınır. Hər il orta hesabla quş ətinin əldə edilməsi üçün 11-12 milyon dollar xərcləndiyi halda quşçuluq sənayesi üçün gətirilən avadanlıqlar, dərman və ləvazimatlar, vitaminlər üçün böyük məbləğdə pul xərclənir. Bu məsələləri həll olunmaması xarici bazarlardan asılılıq yaradır".

Nicat Nəsirlinin sözlərinə görə, quşçuluqda qiymətə təsir edən ikinci faktor damazlıq quşların olmamasıdır.

“Azərbaycanda quşçuluqla məşğul olanlar ancaq Ukraynadan, İngiltərədən, Türkiyədən, İrandan və s. ölkələrdən damazlıq üçün bir günlük cücələri gətirib böyüdüb onun ətini əhaliyə satırlar. Nəzəra alsaq ki, broylerdə böyütmə müddəti 40-45 gündür. Deməli, sahibkarlar iki aydan bir xaricdən cücə alıb gətirirlər, nəticədə asılılıq şaxələnir. Ölkədə sahibkarların heç biri damazlıq quşların artırılması ilə məşğul olmaq istəmir. Çünki bu kifayət qədər əziyyət tələb edən işdir”, -deyə o bildirib.

 

“Azərbaycanda 826 min ailə quşçuluq təsərrüfatı ilə məşğul olur”

 

Ekspertin sözlərinə görə, ölkəmizdə quş ətinin bahalaşmasına təsir edən üçüncü faktor, Azərbaycanda quş ətində mühüm rolu broyler sənayesinin oynamasıdır.

“Ölkəmizdə quş əti sənayesində əsas pay həyətlərində toyuq saxlayanların üzərinə düşür. 826 min ailədə quşçuluq təsərrüfatı var. Bu da ökəmizdə quşçuluq təsərrüfatına zərər vurur. Nəticədə bazarda rəqabət mühiti pozulur. Yəni insanların alternativi yalnız bir istiqamətdə olur. İstehlak yalnız bir istiqamətdə formalaşır. Belə təsərrüfatlar isə tez bir zamanda tələf ola bilirlər. Misal olaraq çöl quşlarının miqrasiyası başlayanda həyətyanı sahələri xəstəlik baş alıb gedir. Xəstə köçəri quşlar göydə hərəkət edir, onların hər hansı bir peyini və ya ağızlarından düşən selik quş saxlanılan həyətə düşür ki, həyətdə saxlanılan toyuqlar da bununla qidalanır. Nəticədə quşlar tələf olur və istehsal tərəzisinin bir gözü əyilir. Bu zaman isə güc düşür broyler sənayesinin üzərinə. Broyler sənayesi də tələbatı görüb məcbur qiyməti artırır".

 

“Azərbaycanda quş ətinə illik tələbat 135 min tondur”

 

Məlumat üçün bildirək ki, Azərbaycan hər il xarici ölkələrdən 21-22 min ton kəsilmiş formada quş əti idxal edir. İdxal edilən quş ətinin həcmi mövsüm və bayramlara görə, dəyişir. Ölkənin quş ətinə illik tələbatı 130-135 min tondur. 2019-cu ilin rəqəmlərinə görə, yerli istehsal 105-110 min ton mənsul verib. Nəticədə yerdə qalan məhsul xarici bazar əsasında təmin edilib.